`Park Cinema`nın direktoru: `Kino mədəniyyətimiz aşağıdır` - Müsahibə | VİDEO

`Park Cinema`nın direktoru: `Kino mədəniyyətimiz aşağıdır` - Müsahibə | VİDEO
  15 Aprel 2014    Oxunub:6285
“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin AzVision.az-a müsahibəsi.

- Azərbaycanda kino biznesinin indiki vəziyyəti və perspektivləri nə yerdədir? Bu sahəyə qoyulan investisyalar özünü doğruldurmu?


- Bildiyiniz kimi, 2010-cu ildə bizim “Park Bulvar”da yerləşən birinci kinoteatrımız açıldı. Biz bu biznesə başlamazdan əvvəl qarşımıza məqsəd qoymuşduq ki, öncə ölkədə kino mədəniyyətini inkişaf etdirək. Çünki gözəl xatırlayırsınız ki, istər Bakı, istərsə də Azərbaycanın digər şəhərlərində kinotearlar olub, var. Amma hazırda təəssüf ki, bu kinoteatrlar lazım olan səviyyədə deyil. Ona görə də, gəncləri sırf kino mədəniyyətinə bağlamaq üçün əlimizdən gələn edirik. Hazırda 3 kinoteatrla təmsil olunuruq.

O ki qaldı, bu maliyyə özünü doğruldurmu-doğrultmurmu, ola bilər ki, bu gün doğrultmur. Çünki bizim istədiyimiz rəqəmlər hələ yoxdur. Azərbaycan əhalisinin cüzi faizi kinoya gedir. O faiz bizim istədiyimiz səviyyədə olandan sonra, təbii ki, vəsait də özünü doğruldacaq.

- Bəlkə bu, həm də ona görədir ki, kinoteatrlar ancaq paytaxtda cəmləşib, regionlarda yoxdur? Və paytaxtda da o qədər çox deyil. Siz yaxın gələcəkdə paytaxtda kinoteatrların sayını çoxaltmağı və regionlarda kinoteatrlar açmağı planlaşdırırsınızmı?

- Təbii ki, planda var. Bu, bizim maksimum görəvimizdir. Bu gün biz, yəqin fikir verirsiniz ki, tanınmış və inkişaf etmiş alış-veriş mərkəzlərinin içinə giririk. “Park Bulvar” ilk açılan iri alış-veriş mərkəzlərindən biridir. “Metropark”da kinoteatr açmışıq. Yay kinoteatrımız var, tanınmış “Amburan” meydançamız var və hazırda Zaqulbada açılır.

Digər şəhərlərdə iri alış-veriş mərkəzlərinin yaranmasını gözləyirik. Çünki ayrıca tikilən kinoteatr üçün bu gün risklər var. Dediyim kimi, lazım olan nisbəti tuta bilməmişik. Kino mədəniyyəti bizdə lazım olan səviyyədə deyil. Ona görə də digər şəhərlərdə - istər Sumqayıt olsun, istər Gəncə, istərsə də Mingəçevir, orada iri alış-veriş mərkəzləri açılsa, təbii ki, biz ora gedəcəyik.

- Siz nümayiş edilən filmləri haradan alırsınız? Hansı kinokompaniyalarla əməkdaşlığınız var? Əgər sirr deyilsə, işin kommersiya tərəfi necədir – yəni bilet satışından əldə olunan gəlir sizinlə film istehsalçıları arasında necə bölüşdürülür?

- Biz bütün tanınmış kinokampaniyalarla və tanınmış menecerlərlə işləyirik. Onlarla müqaviləmiz var.
Kommersiya tərəfi də sirr deyil – bu, dünya standartıdır, tək “Park Cinema” üçün yazılmayıb. Kassadan gələn biletin pulunun 50 faizi kinokompaniyalarındır, 50 faizi kinoteatrın.

- Meycor kinokampaniyaların özlərilə birbaşa əlaqə saxlayırsınız, yoxsa onların MDB üzrə nümayəndəliklər ilə?

- MDB nümayəndələri ilə işləyirik. Hazırda dediyim kinokampaniyaların menecerləri Moskva şəhərindədirlər. Təmsilçiləri olmayan şirkətlərlə isə birbaşa onlarla müqaviləmiz imzalanıb.

- Sirr deyil ki,Azərbaycanda yetişən gənc nəsil əksərən rus dilini bilmir. Sizin kinoteatrlarda isə filmlər əsasən rusca göstərilir. Bu problemi yaxın gələcəkdə necə həll etmək istəyirsiniz? Yəni filmlərin Azərbaycan dilinə dublyajı nəzərdə tutulurmu?

- Çox doğru bir sualdır. Bu problemi artıq həll etmək lazımdır. Biz artıq kinokampaniyalarla və menecerlərlə danışmışıq, onlar filmlərini Azərbaycana türk dilində də təqdim edə bilirlər. Daha doğrusu, artıq edirlər.
Bundan başqa, təbii ki, bizim qardaş Türkiyə ilə müqaviləmiz var və orada çəkilən yeni filmlər artıq bizdə təqdim olunur.

Dublyaja gəldikdə, çox ağır, maraqlı bir prosesdir. Dublyaja başlamazdan əvvəl kinokampaniyaların razılığı olmalıdır. Dublyajı etməzdən əvvəl bizim studiyamız olmalıdır, studiya olmamışdan əvvəl gərək onun sertifikatını alaq, amma onun sertifikatını almaq üçün onun mütləq standartına uyğun olmaq lazımdır.

Sual verə bilərsiniz ki, bəs kinokompaniyalar dublyajı Türk dilində edirsə, İspan dilində edirsə, Azərbaycan dilində niyə etmir? Səbəb odur ki, hazırda Azərbaycanda kinoteatrların sayıŞ auditoriya o səviyyədə deyil. Dublyaj bahalı bir prosesdir.

- Xarici ölkələrdə belə bir statistika var: əhalinin, məsələn, hər yüz min nəfərinə düşən kinoya gedən insanların sayı. Azərbaycanda belə bir statistika varmı? Bizdə əhalinin neçə faizi kinoya gedir?

- Söhbət haradasa 3-5 faizdən gedir. Azərbaycanda əhalinin hardasa bu qədəri kino həvəskarıdır, əsl kinomanlardır.

- Sizin şəbəkələrdə Azərbaycanda istehsal olunmuş filmlər nadir hallarda göstərilir. Bu, nə ilə bağlıdır? Ölkədə kino istehsal olunmur, yoxsa sizə müraciət etmirlər? Yoxsa iqitisadi cəhətdən zalı yerli filmlərə ayırmaq sərfəli deyil?

- Azərbaycan filmlərinə gəldikdə, bir neçə problemlə rastlaşırıq. Düzdür, gənc rejissorlara əlimizdən gələn köməyi etməyə çalışırıq. Yəni filmin prokatı üçün həmişə qapılarımızı açıq saxlayıb, onları gözləyirik. Onları göstərməyə imkanımız da var. Amma təəssüflər olsun ki, həmin filmlər bizə uyğun formatda olmur. Gözəl bilirsiniz ki, bizdə kinoteatrda istifadə olunan avadanlıq hazırda barco-dur. Barco-da filmi göstərmək üçün mütləq DCP formatda olmalıdır. Amma Azərbaycanda filmi çıxardırlar başqa formatlarda – məsələn, DVD gətirirlər. Amma bu, dünənki gündür. DCP formatında olsa, biz həmin kinonu göstərməyə hazırıq.

Digər məqam isə Azərbaycan filmlərinin reytinqinin o qədər də yüksək olmamasıdır. Çünki biz kassa tərəfini də fikirləşirik.

Bundan başqa, biz yarım il qabaq menecerlər və kinokompaniyalarla müqaviləmizi bağlamışıq. Onların gələcəkdə bizə təqdim olunacaq filmləri artıq yerini tutub.

- 4 il bundan öncə “Park Cinema” yeni açılan zaman rəqibsiz idi. İndi daha iki kino mərkəzi var. Siz bazardakı rəqabəti necə dəyərləndirirsiniz? Biznesinizə təsir edirmi?

- Rəqibləri təbii ki, qiymətləndirmək lazımdır. Amma çox maraq da göstərmək olmur. Bizim işimiz o qədər ağırdır, zəngindir ki, bəzən rəqiblərin analizinə vaxt olmur.

Biz lazım olan treninqləri xaricdə, Moskvada keçiririk. Çox güclü komandamız var. Öz komandamdan çox razıyam. Baxmayaraq ki, 2010-cu ildə açılmışıq, daim yenilənmə işləri aparırıq. Son model kinoproyektorlar qoyulur. Pərdələr hər altı aydan bir dəyişdirilir. Digər kinoteatrlardan fərqli olaraq, hollarda terminalımız var. İnsan və növbə faktorunu aradan qaldırmaq üçün müştəriyə böyük imkan vermişik.

- İnsanlar çox vaxt əlavə xidmətlərin qiymətlərinin çox baha olmasından narazılıq edirlər. Məsələn, adicə popkornun qiymətindən...

- Mən deyərdim ki, kino ərzağı o qədər də bahalı deyil. Nəzərə alsaq ki, bəzi istehsalçılar məsələn, popkornun hansı yağda qızardılmasına fikir vermirlər, bizsə ancaq və ancaq kokos yağında qızardırıq. Onun əsil qaydası budur. Amma digər kinoteatrlar bunu istifadə etmir. Biz o yağı məcburən xaricdən gətirirk. Bunları nəzərə alsaq, qiymət o qədər də yüksək deyil.

- Özünüz kinoya baxmağa xoşlayırsınızmı? Kino zövqünüz necədir?

- Şəbəkəninin direktoru olaraq, təbii ki, mən kinonu çox sevirəm. Deyim ki, hansısa janra və ya süjetə üstünlük verirəm, bu, bir az düzgün olmaz. Bütün janrları sevirəm. Filmlər də ki, həmişə yenilənir. Hər 4-cü gün premyera günüdür və biz minumum 4-5 film gətirirk. Bazarda olan 15-20 fiimdən ən yaxşısnı seçirik.

- Hansı filmi ekranda nə qədər saxlamağı nəyə əsasən müəyyən edirsiniz?
- O, kino həvəskarlarının kinoya gəlişindən asılıdır. Bizdə kinonun saxlanması müddəti maksimum iki həftə olur.

- İndi yaz dövrüdür və kino biznesində “yaz blokbasteri” adalana bir termin var. Siz hansı blokbasterləri göstərməyi planlaşdırırsınız?

- Builki blokbasterlərdən birincisi artıq təqdim olunub: “İlk Qisasçı”. Sonra biz gözləyirik “Maço və botan”ın ikinci hissəsini, “X-insanlar”ı və s.

- Deyirlər ki, yayda kino biznesi zəifləyir. Siz belə bir hal müşahidə etmisinizmi?

- Yox, bununla razı deyiləm, yay mövsümünün də üstünlüyü var. Həvəksarların həmin mövsümdə istirahətə vaxtları olduqları üçün belə bir problemlərlə qarşılaşmırıq. Yayda da blokbasterlər çəkilir və təqdim olunur.

- Bəs futbol oyunlarını böyük ekranda göstərmək ideyası necə yarandı və özünü doğrultdumu?

- İdeya kino həvəskarlarının özündən gəldi və özünü doğrultdu. Çünki bir neçə dəfə bununla bağlı bizim faceboook səhifəmizdə yazılmışdı. Bundan dolayı da biz belə bir qərar gəldik.

- İnternetdə filmlərin yayılması, torrent şəbəkələrin böyüməyi sizin biznesə hansısa mənfi təsir göstərdimi?

- Deməzdim. Əsasən kinoteatrlarda təqdim olunanadan sonra filmlər internetə ya da ki, DVD-lərə çıxır. Amma kino həvəskarları kompüterdə baxmaqdan və ya DVD-dənsə, kinoteatrları tərcih edirlər.

- Yerli telekanallar çox vaxt blokbasterləri lisenziya olmadan kustar dublyajla efirə verirlər. Həmin filmlərin hüquqlarının sahibləri bir tərəfdaş olaraq sizə narazılıq bildiriblərmi?

- Yox, olmayıb. Ona görə ki, bizim dünya kino bazarında payımız cüzidir. Təbii ki, bir 10-15 kinoteatr açılandan sonra bu məsələlər onlar tərəfdən mütləq qaldırılacaq.

Vüsal Məmmədov
Kamera: Elnur Muxtar
AzVision.az





Teqlər:  





Xəbər lenti